Həftənin MƏRHUMU - Həftə-reytinq  

12:06 02.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşhur müğənni Volkan Konak 58 yaşında vəfat edib. Sənətçinin Şimali Kipr Türk Respublikasında konsert zamanı səhhəti qəfil pisləşib. Mağusa dövlət xəstəxanasına çatdırılan Volkan Konakın həyatını xilas etmək mümkün olmayıb.

 

Həftənin YALANI

Türkiyə klublarının 1 aprel Ümumdünya Gülüş Günündə etdikləri paylaşımlar gündəm olub. İkinci liqa təmsilçisi “Karaman” Kriştiano Ronaldo, 3-cü Liqa təmsilçisi “Dənizlispor” isə Lionel Messi ilə birgünlük müqavilə “imzaladığını” açıqlayıb. Klubların bu paylaşımları futbolsevərlərin böyük marağına səbəb olub.

 

Həftənin HƏDƏSİ

“Ermənistanın hər üç keçmiş prezidenti hazırkı vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. “Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam” - Paşinyan hədələyib.

 

Həftənin MƏYUSU

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskidən məyus olub. Bunu Ağ evin mətbuat katibi Kerolayn Levit brifinqdə bildirib. “Prezident Tramp bu münaqişənin hər iki liderindən məyusdur. O istəyir ki, bu müharibə bitsin. Hər iki tərəfdən insanlar ölür və bu çox uzun müddətdir davam edir. Komandamız həm Rusiya, həm də Ukrayna ilə qarşılıqlı əlaqələri davam etdirir”.

 

Həftənin NAMİZƏDİ

Pakistanın keçmiş Baş naziri, “Ədalət naminə hərəkat” müxalif partiyasının təsisçisi İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib. İ.Xanın namizədliyini “Pakistan World Alliance” hüquq müdafiə təşkilatı irəli sürüb. Bildirilib ki, keçmiş Baş nazir Pakistanda demokratik dəyərlərin və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə namizəd olaraq göstərilib. Siyasətçi daha əvvəl də - 2019-cu ildə bu mükafata namizəd kimi irəli sürülmüşdü.

 

Həftənin MƏHKUMU

Fransanın müxalifət lideri Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputat barəsində həbs qərarı verilib. Paris məhkəməsinin qərarına əsasən, Marin Le Pen “Aİ vəsaitlərini mənimsəmə” və “Korrupsiya” ittihamı ilə iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edilib. Bununla yanaşı, o, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən də məhrum edilib.